Otaq, yoxsa şkaf
Ayrıca qarderob otağı, yəni içinə girib paltar seçdiyiniz kiçik otaq rahatdır, amma yer tələb edir. İki tərəfdə rəf olan otaqda ortada rahat dönmək üçün kifayət qədər boşluq lazımdır. Bu yoxdursa, otaq dəhliz kimi dar olur.
Yer azdırsa, divara gömülən şkaf daha düzgün seçimdir. O, divarın bir hissəsi kimi görünür, tavana qədər qalxır və eyni sahədə daha çox əşya yerləşdirir. Bəzən yataq otağının bir küncündən və ya dəhlizin ucundan kiçik qarderob zonası da çıxmaq olur.
Paltarı növlərə bölün
Planlaşdırmaya başlamazdan əvvəl şkafınızı açın və nəyin nə qədər olduğuna baxın. Bu sadə addım ən çox səhvin qarşısını alır.
- Uzun asılan paltar: palto, uzun don. Onlar üçün hündür bölmə lazımdır.
- Qısa asılan paltar: köynək, pencək, şalvar. Burada iki sıra asılqan qoymaq olar, biri yuxarıda, biri aşağıda.
- Qatlanan paltar: sviter, futbolka. Rəf və ya siyirmədə saxlanılır.
- Xırda əşyalar: alt paltarı, corab, kəmər, aksessuar. Bölmələri olan dayaz siyirmələr ən rahatıdır.
- Ayaqqabı və çantalar: ayrıca, bir az maili rəflərdə daha yaxşı görünür.
Hündürlük və əl çatan zona
Ən çox istifadə etdiyiniz şeylər gözünüzün və əlinizin rahat çatdığı səviyyədə olmalıdır. Mövsümi paltar, yorğan, çamadanlar isə ən yuxarı rəflərə qalxır. Onlara ildə bir-iki dəfə lazım olur.
Ən aşağı hissə ayaqqabı və ağır qutular üçündür. Bu bölgüyə əməl etdikdə hər gün eyni rəfi axtarmaq, stula çıxmaq lazım gəlmir.
İşıq və hava
Qaranlıq qarderobda qara pencəklə tünd göy pencəyi ayırmaq çətindir. Rəflərin içində kiçik LED zolaqlar, qapı açılanda yanan işıq çox rahatlıq verir. İşıq rəngi təbiiyə yaxın olmalıdır ki, paltarın rəngini düzgün görəsiniz.
Hava da vacibdir. Bağlı, havasız qarderobda paltar rütubət çəkir, xüsusilə Bakının nəmli yay aylarında. Qarderob otağında kiçik havalandırma deşiyi və ya qapının altında boşluq saxlamaq qoxunun və kifin qarşısını alır.
Qapılı, yoxsa açıq
Açıq rəflər gözəl görünür və paltarı tapmaq asandır, amma toz tez yığılır və hər şey göz önündədir. Hər gün səliqə saxlamağa hazır deyilsinizsə, qapılı şkaf daha praktikdir.
Sürüşən qapılar dar yerdə yer qənaət edir. Açılan qapılar isə şkafı bir dəfəyə tam görməyə imkan verir. Qapının üstündə güzgü olarsa, ayrıca güzgüyə yer axtarmaq lazım gəlmir.
İnterium-da qarderob və şkafları ölçüyə görə layihələndirir, istehsal edir və öz komandamızla quraşdırırıq. Ölçüyə gələndə əvvəlcə paltarınızın nə qədər olduğunu soruşuruq, şkafın ölçüsünü isə ondan sonra.


